Media
Glensol bp Azərbaycan üçün növbəti layihəsinə start verir
23 yanvar 2018
Glensol şirkəti bp Azərbaycan üçün Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə növbəti layihəyə daxil olub.
Glensolun xidmətləri quruda Səngəçal Terminalını, BTC və QİBK neft ixrac boru kəmərlərini və dənizdə bp-nin 7 platformasını əhatə edəcək. Layihənin əhatə dairəsinə əməliyyat vaxtını artırmaq və aktivlərin istismar dövrünü optimallaşdırmaq üçün işlərin icrası, xidmətlərin göstərilməsi, quraşdırma, istismara vermə, modifikasiya və yoxlama xidmətləri daxildir. Layihənin müddəti 2 ilə qədər uzadılma imkanı ilə 3 ildir.
"Son iki il ərzində bp üçün ikinci böyük layihəni əldə etməklə Glensol özünü regionda ən yaxşı yerli şirkətlərdən biri kimi sübut etdi" - Glensol şirkətinin Baş direktoru Tamerlan Əliyev bildirib. "Hazırda biz xarici bazarlarda işgüzar fəaliyyətimizi inkişaf etdiririk. Qazaxıstana genişlənməmiz bizə xarici bazarda yerli təcrübəmizi nümayiş etdirmək imkanı verir. Ölkəmizi beynəlxalq səviyyədə təmsil etməklə yanaşı, yüksək səviyyəli xidmətlərin göstərilməsində öndə olmaqdan çox qürur duyuruq" - deyə Tamerlan Əliyev qeyd edib.
2012-ci ildə “Nobel Oil Services”in neft yataqları əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti aktivlərin bütövlüyünün idarə edilməsi, əməliyyat təminatı xidmətləri, turbomaşın, klapan və nasoslar üçün texniki xidmət və təmir xidmətlərini həyata keçirir. SOCAR, bp və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
Glensol haqqında
2012-ci ildə “Nobel Energy” şirkətlər qrupunun neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti regionda və bütün dünyada fırlanan avadanlıqlar və turbomaşınlar üzrə təmir və nəzarət xidmətləri, böyük enerji şirkətlərinə istismar xidmətləri və texniki xidmətlər göstərməklə yerli və beynəlxalq neft və qaz şirkətlərinin etibarlı təminatçısı olmuşdur.
Daha çox məlumat üçün www.glensol.az səhifəsini ziyarət edə bilərsiniz.