Media
Glensol regionda ilk dəfə turbomaşın texnologiyaları üzrə seminar keçirib
15 noyabr 2018
“Nobel Oil” şirkətlər qrupunun törəməsi olan Glensol Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə turbomaşın texnologiyaları üzrə seminar və dəyirmi masa təşkil edib.
İki günlük tədbir zamanı “Nobel Oil”in tərəfdaş şirkətlərindən gələn beynəlxalq ekspertlər iştirakçılar üçün müxtəlif təqdimatlar keçirmiş və öz təcrübələrini bölüşmüşlər. Tədbirin məqsədi ölkədə və regionda turbomaşınlar üzrə yenilikçi texnologiyaların tətbiqinə töhfə verməkdir.
Tədbir çərçivəsində xarici ekspertlər təxminən 100 nəfər iştirakçı üçün təqdimatlar keçirmiş və dəyirmi masa müzakirələrinə şərait yaratmışlar. SOCAR, bp və digər şirkət təmsilçiləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin professor və tələbələri tədbirdə iştirak etmişlər.
2012-ci ildə “Nobel Oil Services”in neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti aktivlərin bütövlüyünün idarə edilməsi, əməliyyat təminatı xidmətləri, turbomaşın, klapan və nasoslar üçün texniki xidmət və təmir xidmətlərini həyata keçirir.
Glensol regionda neft və qaz sənayesində turbomaşın qurğularına xidmət göstərən ilk yerli şirkətdir. SOCAR, bp və digər vacib sənaye şirkətləri onun müştəriləri arasındadır.
Glensol əməliyyat və maliyyə göstəricilərinin ən yüksək standartlarına riayət edir və şəffaf maliyyə nəticələrinə görə Vergilər Nazirliyindən verilən “Şəffaf vergi tərəfdaşı” statusuna sahibdir.





