Media
Glensol “Şəffaf Vergi Tərəfdaşı” statusunu alıb
20 fevral 2017
“Nobel Oil Services” daha bir törəmə şirkəti olan Glensol Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi tərəfdaşı” kimi tanındığını elan edib.
“Şəffaf vergi tərəfdaşı” təcrübəsi vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın yaradılması və daha da artırılması, biznes üçün əlverişli mühitin yaradılması və ölkə daxilində könüllü uyğunluq səviyyəsinin yüksəldilməsi istiqamətində yeni yanaşmadır.
Sistem ilk növbədə intizamlı vergi ödəyiciləri ilə işləməyə xidmət edir. Bu sistemin üstünlükləri arasında vergi ödəyicisinin müraciətinə cavab vermə müddətinin qısaldılması, bəyannamələrdə hər hansı uyğunsuzluqların aradan qaldırılması üçün vergi ödəyicisi ilə əməkdaşlıq, hədəflənmiş xidmətlərin göstərilməsi və s. daxildir. Vergi ödəyicilərinə öz vergi öhdəliklərini vaxtında yerinə yetirməyə sövq edən xüsusi münasibət nümayiş etdirmək geniş yayılmış beynəlxalq biznes təcrübəsidir.
Vergi ödəyiciləri “Şəffaf vergi tərəfdaşı” statusunu qazanmaq üçün bir sıra meyarlara cavab verməlidirlər. Belə vergi ödəyiciləri ilk növbədə vergi hesabatlarını təqdim etməli, vergilərini tam və vaxtında ödəməli, işçilərin sayını və əməkhaqlarını düzgün qeyd etməli, etibarlı elektron imzaya malik olmalı, mühasibat uçotunu beynəlxalq və yerli mühasibat uçotu standartlarına uyğun aparmalıdır. Vergi ödəyiciləri risk altında olan vergi ödəyiciləri ilə heç bir əməliyyat aparmamalı və son 3 ildə iqtisadi cinayət təqibinə məruz qalmış vergi ödəyicisi olmamalıdır.
"Nobel Oil Services" - in törəmə şirkəti olan Glensol 2012-ci ildən bəri Azərbaycanda neft-mədən əməliyyatlarını və avadanlıqlara texniki xidməti əhatə edən geniş çeşidli təkliflərə malikdir və Neft və Qaz, Enerji və Su sənayelərini öz xidmətləri ilə təmin edir. Xidmətlərə aktivlərin bütövlüyünün idarə edilməsi, əməliyyat təminatı xidmətləri, klapan, nasos və HVAC-ın təmiri və s. xidmətlər daxildir.
Glensol haqqında
2012-ci ildə “Nobel Energy” şirkətlər qrupunun neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi kimi qurulan Glensol şirkəti regionda və bütün dünyada fırlanan avadanlıqlar və turbomaşınlar üzrə təmir və nəzarət xidmətləri, böyük enerji şirkətlərinə istismar xidmətləri və texniki xidmətlər göstərməklə yerli və beynəlxalq neft və qaz şirkətlərinin etibarlı təminatçısı olmuşdur.
Daha çox məlumat üçün www.glensol.az səhifəsini ziyarət edə bilərsiniz.