Media

Glensol əcnəbi mütəxəssislərə təlim keçəcək

12 sentyabr 2022
Glensol əcnəbi mütəxəssislərə təlim keçəcək

“Nobel Energy” şirkətlər qrupunun neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə törəməsi olan Glensol şirkəti iraqlı neft və qaz mütəxəssislərinin hazırlanmasını hədəfləyən Texniki Təlim Proqramlarına başladığını məmnunluq hissi ilə elan edir.

Dünyanın üçüncü ən böyük neft yatağı hesab edilən İraqdakı Rumeyla neft yatağının əsas podratçısı Bəsrə Enerji Şirkətinin (BECL) texnikləri üçün təlimlər Glensol-un Bakıdakı dünya səviyyəli emalatxanasında keçiriləcək.

Razılığa əsasən, Glensol aşağıdakı mövzularda təlimlər keçəcək: mexaniki fırlanan avadanlıqlar, elektrik avadanlıqları, mexaniki statik avadanlıqlar, idarəetmə sistemi və sahə cihazları.

Təlimlərin əsas məqsədi texnikləri istehsalçının və şirkətin təcrübə və prosedurlarına əsasən, sahədə istismar olunan avadanlıqları idarə etmək və onlara texniki qulluq göstərmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin etməkdir.

Mexaniki Fırlanan Avadanlıqlar mövzusunu əhatə edən birinci modul 7-11 sentyabr tarixlərində uğurla keçirilmişdir.

Tədbirdə iştirak edən Glensol-un Baş direktorunun müavini Anar Orucov öz çıxışında deyib: “Biz iş həyatımıza yeni səhifə açırıq və Texniki Təlim Proqramımız vasitəsilə sənaye mühəndisləri və texniklərlə təcrübələrimizi bölüşməkdən və iraqlı həmkarlarımızın birinci qrupda yer almasından böyük məmnunluq duyuruq. Biz arxayınıq ki, Glensol-un əsas aktivi olan yüksək ixtisaslı mühəndis və texniklərdən ibarət komandası iraqlı həmkarlarımıza proqramı ən səmərəli şəkildə çatdıracaq və bizim yeni təlim xidməti xəttimizi sərhədlərdən kənara genişləndirəcək.

Glensol-un müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş qabaqcıl “vahid pəncərədən xidmət” emalatxanası tələb olunan səviyyədə həm nəzəri, həm də praktiki sənaye təlimlərinə ev sahibliyi etmək üçün regionda ən uyğun platformalardan biridir. Biz çox yüksək beynəlxalq standartlara uyğun olaraq xarici işçi qüvvəsinə yüksək keyfiyyətli səriştə əsaslı təlimlər təqdim etməyə qadir olan Azərbaycanın azsaylı xidmət şirkətləri arasında olmaqdan qürur duyuruq”.

Proqramın optimallaşmasını təmin etmək üçün Glensol bir sıra sənaye ekspertlərini proqrama daxil edib.

2012-ci ildə “Nobel Energy”nin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə törəmə şirkəti kimi yaradılmış Glensol fırlanan avadanlıqlar, o cümlədən turbomaşın xidmətləri və idarəetmə sistemləri, istismar və texniki qulluq kimi xidmət çeşidləri ilə yerli və beynəlxalq neft və qaz şirkətlərinin etibarlı təchizatçısı olmuşdur.