Media
Glensol İnteqrasiya olunmuş İdarəetmə Sistemi sertifikatlarını yeniləyir
27 iyun 2017
“Nobel Oil Services” şirkətlər qrupu özünün neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəməsi olan Glensol turbomaşınların və fırlanan avadanlıqların satışı və texniki xidməti, eləcə də kimyəvi maddələrin satışı üçün yenilənən İnteqrasiya olunmuş İdarəetmə Sistemi (İİM) sertifikatlarını əldə etdiyini elan edib. Glensol şirkətinin İnteqrasiya olunmuş İdarəetmə Sistemi 100-dən çox ölkədə fəaliyyət göstərən sertifikatlaşdırma təşkilatı DNV GL tərəfindən həyata keçirilən yenidən sertifikatlaşdırma auditi ilə uğurla yoxlanılıb. İnteqrasiya olunmuş İdarəetmə Sistemi ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi, ISO 14001:2004 Ətraf Mühitin İdarəetmə Sistemi və OHSAS 18001:2007 Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemini əhatə edir.
Glensol-un idarəetmə sistemi ISO standartlarının tələblərinə, yəni əməliyyatlarda göstərilən xidmətlərin keyfiyyətinə, əməyin təhlükəsizliyinə və sağlamlığın qorunmasına təsir edən proseslərin idarə edilməsinin səmərəli tətbiqi və davamlı təkmilləşdirilməsi prinsiplərinə tam uyğundur. İİM şirkətin strateji qərarları əsasında və dəyişən ehtiyaclar, məqsədlər, göstərilən xidmətlər, şirkətin bütün təşkilati səviyyələri arasında fəaliyyətləri əlaqələndirmək üçün müəyyən edilmiş proseslərlə əlaqədar olaraq hazırlanır, saxlanılır və təkmilləşdirilir.
Glensol bütün rəsmiləşdirilmiş sistemlərdə keyfiyyət, təhlükəsizlik və ətraf mühitin idarə edilməsinə vahid yanaşmanı qəbul etməklə birlikdə, İdarəetmə Sisteminin İnkişafının bütün aspektlərini əhatə etmək üçün 2014-cü ilin iyun ayında ilk dəfə İİM-i tətbiq etdi.
Glensol neft və qaz, enerji və su sənayesində aparıcı xidmət təminatçısıdır. Onun geniş xidmət spektrinə aktivlərin bütövlüyünün idarə edilməsi, əməliyyat təminatı xidmətləri, klapanlar, nasoslar və HVAC-ın texniki xidməti, təmiri və s. daxildir. SOCAR, bp və digər mühüm sənaye şirkətləri onun müştəriləri arasındadır.